Bu qədər həbslər, ifşalar, tənələr - hələ bircə icra başçısı könüllü istefa verməyib...

SİYASƏT
16:39 / 23.05.2020
1485

Son zamanlar ölkədə korrupsiya ilə ciddi mübarizənin aparıldığının şahidi oluruq. Bu mübarizə həm də icra strukturunda olan iri məmurların həbsi ilə də nəticələnir. Korrupsiya faktlarının ifşası ilə bağlı nümayiş olunan əməliyyat çəkilişlərindən görünür ki, həmin məmurların etdiyi cinayətlər sübuta yetir. Ölkə başçısının özü də dəfələrlə çıxışlarında həmin şəxslər barədə sərt fikirlər bildirib. Bütün bu tənələrə, ortaya qoyulan konkret faktlara baxmayaraq, bir nəfər də olsun icra başçısı öz xoşu ilə istefa vermir. Onlar tərəfindən bu addım niyə atılmır?

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yerində verilmiş maraqlı və özlüyündə sırf insan psixologiyasının təhlilinə yönəlimiş bir sualdır:

“İstefa mədəniyyəti yoxdursa, bu artıq həmin adamların faciəsidir”

”Doğrudan da bu vaxta qədər barələrində istər mətbuatda, istərsə də sosial mediada tənqidi materiallar getmiş, bəzi hallarda isə yarıtmaz əməlləri ilə gündəmi zəbt etmiş yüksək çinli məmurların heç olmasa rəhbərlik etdikləri sahələrdə buraxdıqları səvhlərə öz tənqidi baxışları olubmu? Qətiyyətlə deyə bilərəm – Xeyr !

Çünki son hadisələrin nəticələrindən də göründüyü kimi, onlar tənqidi fikirləri qulaqardına vuraraq barələrində söylənilənləri düzgün qiymətləndirməmiş, sağlam tənqiddən nəticə çıxarmaq əvəzinə tutduqları yolla getməyə üstünlük vermişlər. Nəticə də göz qabağındadır. Əslində siyasətçi olaraq mənə yönləndirilmiş sualı həkim-psixoloq cavablandırsaydı daha yaxşı olardı. Çünki indiki halda sağlam məntiqin əksinə gedən elə psixoloji məqamlar var ki, onları qiymətləndirərək düzgün şərh etmək çətin məsələdir.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ölkə başçısının etimad göstərib vəzifəyə təyin etdiyi bəzi məmurlarımız onlara göstərilmiş etmiadı düzgün qiymətləndirmir və bəzi hallarda vəzifə səlahiyyətlərini aşmış olurlar. Bu da son nəticədə xalqa xidmətə deyil, xalqdan xidmətə gətirib çıxarmış olur. Edilmiş etibardan və səlahiyyətlərindən sui-istifadə edərək rüşvətə və korrupsiyaya qurşanmış məmurların həbsi buna bariz nümunədir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində yüksək çinli məmurların həbs edilməsi və nəticədə bu sahəyə rəhbərlik edən nazir Əbülfəs Qarayevin istefa mədəniyyəti nümayiş etdirməkdə tərəddüd etməsinin sonda nə ilə nəticələndiyinin şahidiyik. Düşünürəm ki, bundan sonra da idarəetmədə neqativ hallara qarşı mübarizə aparılacaq və bunun müsbət dəyişikliklərə gətirib çıxaracağı şübhəsizdir. Amma buradan üzümü özlərinə heç də düzgün yol seçməyən, vəzifələrindən sui-istifadə edən məmurlara tutaraq demək istəyirəm: İstefa mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi və elementlərindən biridir. İstefa mədəniyyəti yoxdursa, bu artıq həmin adamların faciəsidir. Faciəli həyat yaşamağı isə heç kimə arzulamazdım”.

0