"Azərbaycan bu nəzarət-buraxılış məntəqəsi qurulmasından bir addım belə geri çəkilməyəcək"

SİYASƏT
17:46 / 01.05.2023
915

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başlayıb.

Bütün mülki erməni əsilli vətəndaşlar buradan çox rahat və heç bir maneə olmadan keçirlər. Hərçənd ki, Ermənistanda bunun əksi olacağı, onların buraxılmayacağı kimi cəfəng iddialar səsləndirilirdi. Buna baxmayaraq, Azərbaycan bir daha öz humanistliyini bütün dünyaya göstərdi.

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratması ölkəmizin suveren dövlət hüquqları çərçivəsində atılan addımdır:

"Burada nə ölkə Konstitusiyasına, nə beynəlxalq norma və prinsiplərə, nə də üçtərəfli razılaşmaların hər hansısa birinə zidd nə isə yoxdur. Zahirən belə görünə bilər ki, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırması Ermənistanın əldə olunmuş üçtərəfli razılaşmalara əməl etməməsinin, ölkəmizə və onun ayrılmaz hissəsi olan Xankəndinə qanunsuz hərbi yüklər daşıması, ərazilərimizdə mina terrorunu davam etdirməsi, habelə Xankəndi ətrafında təbii ehtiyatlarımızı talan etməsi və insanların həyatına təhlükə yaratma siyasətinin nəticəsi olaraq quraşdırılıb. Ancaq əsl həqiqətdə mahiyyət bundan ibarətdir ki, Ermənistan üçtərəfli razılaşmalara əməl etmiş olsaydı və hətta yuxarıda sadalanan hər şeyi etməsəydi də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur və bunu mütləq şəkildə etməliydi. 

Çünki Azərbaycan suveren dövlətdir. Həm Xankəndinin özünün, həm də Laçın-Xankəndi yolunun üzərində dövlətimizin suveren hüquqları var. Əgər Azərbaycan Laçın-Xankəndi yolunun təhlükəsizliyinə məsuliyyət daşıyırsa, bu məsuliyyət həmin yolda daşınan yüklərin üzərindəki nəzarətedici funksiyasından ayrılıqda təsəvvür etmək olmaz. Bilirik ki, bu yol nə Ermənistanın, nə də Rusiyanındır. Laçın-Xankəndi yolu Azərbaycana məxsusdur".

Politoloq vurğulayıb ki, bu yoldakı təhlükəsizliyə məsuliyyət daşıyırıqsa, bunun tam şəkildə icrası üçün Azərbaycan həmin yoldakı daşınan yüklərin üzərində tam nəzarətedici səlahiyyətə və funksiyaya da malik olmalıdır:

"Azərbaycan orada daşınan yüklər barədə tam məlumata malik olmasa, onlar təhlükəsizlik təminatını poza bilərdilər. Necə ki, pozurdular. Azərbaycan ekoloqların aksiyasına qədər Laçın-Xankəndi yolunda daşınan yüklər barədə tam informasiyaya malik olmadığına görə ermənilər Xankəndinə silah da daşıdılar, qanunsuz silahlı şəxsləri də yerləşdirdilər. Həmçinin, təbii ehtiyatlarımızı da amansızca istismar edib apardılar. Hətta bu ərazilərdə müharibədən sonra da yüzlərlə, minlərlə mina yerləşdirdilər. Bu yolda nəzarət-buraxılış məntəqəsinin qurulması təhlükəsizlik təminatıdır. Bölgədə sülhə və təhlükəsizliyə təminat yaradan bir addımdır. Azərbaycan bu yol və bütün əraziləri üzərində hüquqlarının təmin olunmasıdır. Ona görə də Ermənistanın hər hansısa yalnış rəy yaratmaq cəhdləri iflasa məhkumdur. 

Onlar, nə qədər çalışsalar da, heç kimi guya Xankəndidə etnik təmizləmə aparıldığına inandıra bilməzlər. Ermənistan bu yalnış təbliğatlara sadəcə Fransa kimi ermənipərəst dövlətləri və lobbiləri hesabına Azərbaycana qarşı təbliğat aparan müəyyən dairələri inandıra bilər. Ancaq sağlam və mütərəqqi dünya qüvvələri bunun Azərbaycanın təbii və suveren haqqı olduğunu qəbul edir, razılaşır. Azərbaycan isə Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurulmasından bir addım belə geri çəkilməyəcək. Bu, bizim təbii hüququmuzdur və bölgədə sülhün bərqərar olmasına təminat verəcək mühüm addımlardan biridir".

Pərviz

0