Ermənistanda mükafat davası

DÜNYA
13:40 / 31.10.2020
1071

Ermənistan parlamentində mükafat davası başlayıb.

Yenisabah.az xəbər verir ki, Qarabağda müharibə gedən ərəfədə Ermənistan parlamentinin aparatında çalışanlara və deputatlara mükafat verilməsi barədə xəbərlər narazılığa səbəb olub. 

Cəmiyyət müharibə şəraitində olan bir ölkənin vətəndaşlarının ağır şərtlər altında yaşadığı halda deputatların mükafatlandırılmasını yolverilməz hesab edir.

Ermənistan parlamentinin aparat rəhbəri Tiqran Qalstyan isə mükafat verilməsi barədə xəbərləri təkzib edib. “Rəsmi şəkildə bəyan edirəm ki, Qarabağda müharibə başlayandan bəri nə parlamentin aparatının əməkdaşları, nə də deputatlar mükafat alıb. Yalan xəbərlər yaymayın”, - deyə o bildirib.

Bəzi məlumatlara görə, bu xəbərləri Ermənistan müxalifəti yayıb.

Qarabağ müharibəsi və koronavirus Ermənistan iqtisadiyyatını iflic duruma salıb. Hətta mütəxəssislər ölkənin defolt riski yaşadığını qeyd edirlər. İnsanların yaşayış səviyyəsi kəskin şəkildə pisləşib.

Vəziyyətdən istifadə edən müxalifətin və “revanşistlərin” hərəkətə keçdiyi barədə məlumatlar var. Onların ölkədə sosial partlayışa zəmin yaradacaq addımlara hazırlaşdığı bildirilir. Mükafat xəbərinin də bu məqsədlə dövriyyəyə buraxıldığı ehtimal olunur. Bəzi məlumatlarda isə xəbərin doğru olduğu deyilir.

0