İran müharibəyə hazırlaşır? - "Gücü yoxdur"

DÜNYA
12:31 / 01.11.2024
334

"İran İsraillə müharibəni sadəcə proksi qüvvələr vasitəsilə aparır".

Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, İran proksi qüvvələrdən həm ideoloji olaraq istifadə edir, həm də onlara silah verir:

"Ümumiyyətlə, İran bütün qonşuları ilə problemlər yaşayan ölkədir. Həmçinin, ABŞ və İsrail başda olmaqla Qərb ölkələri ilə də problemləri mövcuddur. İranın sadəcə Ermənistan, Rusiya və Çinlə yaxşı münasibətləri var. Lakin bu münasibətlərə görə də onlara böyük imtiyazlar verir. Üstəlik, Ermənistanın işğalçılıq siyasətini də 30 il ərzində dəstəklədilər. Yəni İranın xarici əlaqələri heç yaxşı deyil".

361346

Ekspert qeyd edib ki, İran bu günə qədər bir çox ölkədə proksi qüvvələri vasitəsilə mübarizə aparır:

"Rəsmi Tehran bu addımı ilə müharibələri İranın daxilindən uzaq tutmağa çalışırdı. Lakin son yaşanan proseslərdən sonra müharibənin İranın daxilinə qədər gəlmə ehtimalı yaranıb. Üstəlik, artıq proksi qüvvələri də İrana qarşı çıxmağa başlayıblar. Hətta İranın bir çox proksi qüvvəsinin başçısı öldürüləndən sonra rəsmi Tehran İsraili sadəcə təhdid etdi. Başqa heç nə edə bilmədi". 

Həmsöhbətimizin İranın İsrailə qarşı müharibəyə başlaya biləcəyi ehtimalından da söz açıb:

"İranın daxili vəziyyəti o qədər bərbaddır ki, müharibə aparmaq imkanları çox aşağıdır. Belə bir potensialı və gücü yoxdur. İqtisadi cəhətdən də çox pis vəziyyətdədir.

Ümumiyyətlə, İranın mənimsədiyi müharibə orada yaşayan xalqların istədiyi savaş deyil. Bu, sadəcə İranda hakimiyyətdə olan məhdud qüvvələrin savaşıdır. Xalq bir çox problemlə üz-üzədir. İranın illərdir sanksiyalara məruz qalması, ölkənin təbii sərvətlərinin proksi qüvvələrinə sərf olunması və daxildəki etirazlara laqeyd münasibət vətəndaşların narazılığına səbəb olur". 

Məhsa Mehdilinin sözlərinə görə, İran hakimiyyəti daxili sadəcə edamlar və zorakılıqla idarə edir:

"Yəni İran həlsiz qalan problemlər bataqlığına çevrilib. Bəlkə də, Tehran hakimiyyəti bəzi ölkələrin dəstəyi ilə müharibəyə girərək özünü göstərmək istəyər. Ancaq nə qədər dəstək alacağı da sual altındadır. İran rəhbərliyi bunu da düşünür və tək qaldığını görür".

Pərviz

0