“Taksilərlə bağlı qərar cəmiyyətdə geniş müzakirə olunacaq”

İQTİSADİYYAT
14:53 / 25.05.2023
395

Bu gün taksi daşıyıcılarının 90 %-i müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən öz fəaliyyətini həyata keçirir. Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir. Lisenziyaların yerinə gələn fərqlənmə nişanını almaq üçün istər sürücüyə, istərsə də avtomobilə münasibətdə hər hansı tələb qoyulmur. Bu bir tərəfdən bazarda rəqabəti artırır. Digər tərəfdən isə sərnişinlər bu cür daşımaları həyata keçirən sürücülərin təhqirinə məruz qalır. Lakin hazırda sürücülərin peşəkarlıq səviyyəsi, onların etik davranışı ilə bağlı tədbirlər görmək mümkün olmur. Bu sahə tənzimlənmədiyinə görə, bəzən bu taksi sürücüləri müəyyən edilmiş qiymətdən daha çoxunu tələb edirlər.

Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə qeyd edilib ki, Azərbaycanda taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” qanuna ziddir.

HİT.az xəbər verir ki, "Report" ölkədə taksi fəaliyyətində mövcud vəziyyətlə bağlı nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayevlə danışıb.

Y. Mustafayev hesab edir ki, bu sahədə keyfiyyəti və xidmət səviyyəsini yüksəltmək üçün taksi fəaliyyəti ilə bağlı qanun çərçivəsində tədbirlər görülməlidir: "Hazırda taksi qiymətləri münasibdir. Ölkədə bu sahədə mövcud olan daşıma qiymətlərini digər ölkələrlə müqayisə etsək görərik ki, qiymətlər münasibdir. Yəni bir yerdən başqa yerə bir manat, iki manat, üç manat aşağı tariflərlə getmək olur. Amma burada keyfiyyət çox aşağıdır. Yəni istər sərnişinlərlə sürücünün davranış münasibəti, həmçinin avtomobillərin texniki vəziyyəti, onların komfortu ilə bağlı vəziyyət bir o qədər ürəkaçan deyil”.

Ekspert deyib ki, bu cür taksi xidmətləri əsasən məlumat bazası xaricdə olan beynəlxalq şirkətlər tərəfindən təşkil olunur, bu isə ölkədən valyutanın çıxmasına, ölkənin gəlirlərinin xaricə axmasına səbəb olur.

Y. Mustafayev vurğulayıb ki, hazırda artıq taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır və güman edirəm ki, bu, həm taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, eyni zamanda, qiymətin artmamasına səbəb olacaq: “Düzdür, bu iki şərtin eyni arada olmağı bir az çətin məsələdir, çünki keyfiyyətlə kəmiyyət bir-birinə tərs mütənasibdir. Keyfiyyət yüksəldikcə kəmiyyət, yəni qiymət demək olar ki, ona mütənasib olaraq artacaq. Taksi fəaliyyəti ilə bağlı qəbul ediləcək qərar yəqin ki, cəmiyyətdə də geniş müzakirə olunacaq. Bu məsələ kifayət qədər ciddi məsələdir, daha çox insana xidmət göstərdiyindən bu qanun layihəsini elə bir şəkildə hazırlamaq lazımdır ki, qeyd etdiyimiz kimi, həm kəmiyyət, yəni qiymət siyasəti, həm də keyfiyyət siyasəti vətəndaşları qane edəcək səviyyədə olsun”.

0