Son vaxtlarda ölkəmizdə yenidən devalvasiya ola biləcəyi ilə bağlı bəzi ehtimallar səsləndirilir.
Azərbaycan neftinin qiymətinin aşağı düşməsi, davam edən bahalaşma və dollara təlabatın artmasının bu ehtimalın yaranmasına təsir edən amillər olduğu deyilir. Bu isə öz növbəsində təbii ki, vətəndaşları narahat edir. Çünki devalvasiya vətəndaşların həyatına birbaşa olaraq mənfi təsir göstərir. Ona görə də bu ehtimalın dərəcədə doğru olub-olmadığını öyrənməyə qərar verdik.
Maraqlıdır, Azərbaycanda yenidən devalvasiya gözlənilirmi?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
"Bildiyiniz kimi Azərbaycan hökuməti manatı dollara pərçimləmiş və sabit valyuta kursu siyasəti həyata keçirir. Hazırda nə neftin qiymətinin, nə dollara tələbatın artmasının, nə də inflyasiya səviyyəsinin bu siyasəti davam etdirməyə imkan vermədiyini söyləmək mümkün deyildir. Belə bir şəraitdə, devalvasiya və ya manatın dəyərinin düşməsi ancaq Azərbaycan hökumətinin bu yöndə siyasət dəyişikliyinə getməsi ilə baş verə bilər. Qısa desək, hazırkı şərtlərdə bu ancaq hökumətin qərarı ilə baş verə bilər. Hökumətin isə belə bir qərar verməyə hazırlaşdığı ilə bağlı əlimizdə hər hansı bir informasiya yoxdur".
Pərviz