Azərbaycanda ərzaq qiymətləri ucuzlaşır? - AÇIQLAMA

İQTİSADİYYAT
14:12 / 07.06.2023
492

Dünyadakı ərzaq qiymətləri son 2 ilin ən aşağı həddinə düşüb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı məlumat yayıb.  Bildirilib ki, may ayında ərzaq qiymətləri indeksi aylıq bazda 2,6% azalıb. Ərzaq qiymətləri indeksi illik bazda isə 22,1% azaldığı qeyd olunub.

Maraqlıdır, dünyada ərzaq qiymətlərinin ucuzlaşması Azərbaycanda nə zaman hiss olunacaq?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ümumdünya ərzaq qiymətləri ucuzlaşıb:

"Hətta ərzaq əmtəə bazarında may ayında aprel ayı ilə müqayisədə 2,6 faizlik bir azalma var. Ərzaq qiymətlərində ən yüksək qiymətlər 2022-ci mart ayında olub. Ondan sonra isə ərzaq qiymətləri demək olar ki, hər ay ucuzlaşıb. İndi isə dünyadakı ərzaq qiymətləri həmin yüksək qiymətlərdən təxminən 22,1% ucuzdur.

Qiymətlərdəki ən yüksək düşüş isə taxıl məhsullarındadır. Yəni ən çox qiyməti ucuzlaşan taxıl məhsullarıdır. Buna baxmayaraq, taxıl qiymətləri də Rusiya-Ukrayna müharibəsi başlayan aylardan 25% aşağıdır. Təkcə tərəvəz yağları indeksi may ayında dünya üzrə 8,7% aşağı düşüb. Həmçinin, süd məhsulları indeksi də təkcə may ayında 3,2% ucuzlaşıb. Bu da özünü 2022-ci ilin aprelində olan ən yüksək qiymətlərindən 17% aşağıdır. Sadəcə ət qiymətləri cəmi 1% ucuzlaşıb. Amma şəkər məhsulları qiymətlərində də 5,55% azalma var. Hətta ötən illə müqayisədə şəkər məhsulları 31% ucuzlaşıb. Dünyadakı ərzaq qiymətlərində ucuzlaşma olsa da, 2018-2019-cu illərdəki qiymətlərdən yenə də bahadır. Yəni azalma ən yüksək qiymətlərlə müqayisədə baş verib".

327540

Ekspert vurğulayıb ki, Azərbaycanda da ərzaq məhsullarının qiymətlərinin ucuzlaşması gözlənilir:

“Burada sahibkar qiymətlər qalxanda bahalaşma edir. Qiymətlər aşağı enəndə isə rəqabət sahibkarı ucuzlaşmağa getməyə məcbur etməlidir. Bazarda isə rəqabətin vəziyyəti qənaətbəxş olmadığına görə qiymətlərin ucuzlaşma prosesi ləng gedir. Yəni burada bizim bazarlara bir neçə “oyunçu” mal gətirir. Ölkəyə mal idxal edən distributorlar bir neçə böyük “oyunçular”dır. Onlar arasında isə ciddi rəqabət elementləri olmadığı üçün bazarda qiymətlərin sürətli şəkildə düşməsini hiss etmirik. Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlər də ərzaq qiymətlərinin ucuzlaşmadığını, əksinə bahalaşdığını göstərir. Burada rəqabət məsələləri var ki, ona diqqət edilməlidir.

Burada təkcə alış qiymətləri əsas rol oynamır. Son illərdə ölkədə inflyasiya ilə yanaşı, şəffaflaşma da müşahidə olunur. Sahibkarın təkcə material xərcləri artmayıb, qeyri-material, işçilik və vergi xərcləri də dəyişir. Yəni əvvəlki dövrlərdə olmayan bu xərclər isə məhsulların qiymətinə təsir edir. 

Amma ümumi şəkildə qiymətlərin sürətlə aşağı düşməməsinin əsas səbəbi mal idxalçıları arasında rəqabətin qənaətbəxş səviyyədə olmamasıdır. Digər tərəfdən, vaxt intervalı da var. Bu isə o deməkdir ki, dünya əmtəə bazarı və ərzaq bazarında baş verən proseslərin marketlərdəki qiymətlərə dərhal təsir etməməsi də normaldır. Çünki bu, birja deyil. Həmin məhsullar bir neçə ay öncə alınır və mağazalara verilir. Yəni dünyada uzuclaşan qiymətlərin gəlib bizdəki mağazalara çatması 6-9 aya qədər çata bilər".

Pərviz

1