UEFA Avropa Liqasının "play-off" mərhələsində "Qarabağ"ın ilk matçda səfərdə "Dinamo Zaqreb"ə məğlub olmasına baxmayaraq, tur şansımız davam edir.
Azarkeşlər və futbol mütəxəssisləri təmsilçimizin Xorvatiya klubunu Bakıda böyük hesabla məğlub edəcəyinə inanırlar. Onlar, revanş matçının əlavə vaxta və ya penaltilər seriyasına gedə biləcəyini düşünürlər. Bu inama səbəb isə "Qarabağ"ın səfərdə saysız-hesabsız qol imkanları yaratmasıdır. Yəni "köhlən atlar"ın azarkeşləri qarşısında daha bir tarixi uğura nail olması arzulanır.
Ümumiyyətlə, "Qarabağ"ın turu keçmək şansları nə qədərdir?
Futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, Bakıdakı matçdan gözləntilər böyükdür:
"Revanş matçı ilə bağlı düşüncələrim pozitivdir. Çünki səfərdə 3-0 hesabı ilə məğlub olsaq da, ən azı 5 dəfə 100 faizlik qol epizoduna girdik. Lakin əfsuslar olsun ki, onlardan yararlana bilmədik. Onları qola çevirə bilməməyimizi isə yalnız bəxtlə əlaqələndirirəm. Məsələn, Juninyonun qapıçı ilə təkbətək çıxdığı epizodu topu kənara vurmasını başqa heç cür izah edə bilmirəm".
Mütəxəssisin sözlərinə görə, futbolçularımız fiziki və mental cəhətdən yorulmuş ola bilərlər:
"Bəlkə də futbolçularımız fiziki cəhətdən yorğun idilər. Amma daha çox mental yorğunluq hiss olunurdu. Çünki ikinci qoldan sonra komandamız ruhdan düşdü. Buna baxmayaraq, cavab oyununda əsas məqsədimiz qol vurmaq olacaq. Üstəlik, bunu tez etmək məcburiyyətindəyik".
Aslan Kərimov hesab edir ki, "Qarabağ" Bakıdakı oyunun nəticəsinə əsasən turu keçə bilər:
"Mənə elə gəlir ki, Bakıda da real qol imkanları yaradacağıq. Sadəcə olaraq əks-hücumlara yaxalanmamalıyıq. Çünki rəqib tam qapanmış şəkildə oynamağa çalışacaq. Ümumiyyətlə, bu səviyyədə oyunları udmaq üçün yaratdığın qol imkanlarını qola çevirməlisən.
Düşünürəm ki, Bakıdakı oyunda da bu qədər qol imkanını əldən buraxmarıq. Hətta birinci hissədə qol vuracağımız halda, qələbə qazanmaq şansımız artacaq. Turu keçmək şanslarının da hələ də yarı-yarıya olduğu qənaətindəyəm".
Pərviz