10:38 / 29.09.2022
194

Bakıda məktəbli qızlara liderlik təlimləri keçiləcək

Bakı şəhəri və Bakı ətrafındakı məktəblərin yuxarı siniflərində təhsil alan qızlara liderlik təlimləri keçiləcək.

HİT.az xəbər verir ki, təlimlər "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği" layihəsi çərçivəsində baş tutacaq. 

İki ay davam edəcək layihə çərçivəsində məktəbli qızlar arasında davamlı təhsilə meylin səviyyəsini ölçmək, eləcə də onların öz gələcəklərini necə təsəvvür etdiklərini öyrənmək üçün şifahi və yazılı sorğuların keçirilməsi, onlarla tərbiyəvi və faydalı söhbətlərin aparılması, liderliklə bağlı interaktiv təlimlərin keçilməsi nəzərdə tutulub.

Təlimlərin sonunda iştirakçılara yaddaş üçün materiallar və sertifikatlar təqdim ediləcək. 

Layihə mövzunun aktual olduğu Bakı şəhəri və Bakı ətrafındakı məktəblərdə həyata keçiriləcək.  

Layihənin məqsədi qız uşaqlarına təhsillərini davam etdirmək və gələcəyin liderləri olmaq istiqamətində bilik və motivasiya vermək, onlara təhsili yarımçıq qoyaraq erkən evliliyə can atmanın zərərli tərəflərini izah etməkdir. 

0