Gürcüstanda etirazlar genişlənir: "Hakimiyyət dəyişə bilər"

DÜNYA
13:15 / 01.05.2024
440

"Gürcüstanda son vaxtlarda xaotik və böhranlı vəziyyət yaşanır".

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bunun da əsas səbəbi xarici agentlər haqqında qanun layihəsidir:

"Bu qanun layihəsi Gürcüstan hakimiyyəti ilə hökuməti arasında ciddi fikir ayrılığına səbəb olub. Onsuz da belə bir ziddiyyət var idi. Prezident Salome Zurabişvili ilə keçmiş baş nazir İrakli Qaribaşvili arasında fikir ayrılıqları yaşanırdı. Dövlət başçısının yeni Baş nazir İrakli Kobaxidze ilə də fikirləri üst-üstə düşmür".

Ekspert qeyd edib ki, son zamanlarda Prezident Salome Zurabişvilinin reytinqi getdikcə azalır:

"O, artıq daha çox simvolik rol oynamağa başlayır". 

349172

Həmsöhbətimizin fikrincə, Gürcüstandakı etiraz aksiyaları genişlənə bilər:

"Bunu istisna etmək olmaz. Çünki bu, təkcə daxili məsələ deyil. Bəlkə də yalnız daxili məsələ olsaydı, daha tez həllini tapardı. Burada müxtəlif aktorların rolu var. Xüsusən də Avropa İttifaqı və Rusiyanı maraqlandıran məsələlər var". 

Kənan Novruzov Gürcüstanda hakimiyyətin dəyişəcəyini də istisna etmir:

"Etirazlar fonunda Gürcüstanda hakimiyyət dəyişikliyi də baş verə bilər. Amma hakimiyyət dəyişikliyinin məhz xarici agentlər haqqında qanun layihəsinə etirazın nəticəsi olacağını da iddia etmək olmaz. Onsuz da Gürcüstan hakimiyyətinə qarşı insanların səbri daşıb. Hesab edirəm ki, müxalifət Zurabişvilini iqtidardan uzaqlaşdırmaq gücündədir. Üstəlik, xalqın reaksiyası da buna uyğundur".

Pərviz

0