Ermənistan təxribat hazırlayır - Azərbaycanın artıq xəbəri var

SİYASƏT
09:15 / 10.06.2021
2969

"Ermənistan ordusunun polkovniki Koryun Qumaşyanın bu açıqlaması özü-özlüyündə ondan xəbər verir ki, onların əlində belə bir xəritələr var".

Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi son açıqlamaları ilə Azərbaycanı şantaj etməyə çalışır:

"Bu açıqlama onu göstərir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin minalanması prosesi mütəşəkkil qaydada aparılırdı. Yəni, indiyənə qədər rəsmi, yaxud qeyri-rəsmi mənbələr məlumat yayırdılar ki, guya ki, Ermənistanda minalanmış ərazilərin heç bir xəritəsi yoxdur və proses xaotik şəkildə gedib. Qumaşyanın  açıqlaması bir daha təsdiq etdi ki, bu deyilənlər yalandır. Məntiqi cəhətdən də götürsək, bilirik ki, minalanma prosesi müəyyən qaydalar əsasında aparılır. Burada mina xəritələrinin mövcud olmaması məsələsi özü-özlüyündə bir cəfəngiyatdır. Açıqlama göstərir ki, işğaldan azad edilən ərazilərimizin mina xəritələri var, sadəcə olaraq onlar bizə təqdim olunmurlar. 

Məzmununa baxanda, görə bilərik ki, şantaj tərkibli bir açıqlamadır. Bu da onu göstərir ki, Ermənistan tərəfi bizə hansısa şərtlərlə müəyyən siyasi alver nəticəsində bunu edə bilər. Amma bu məsələnin özündə siyasi alver aparılması nə dərəcədə məqsədə uyğundur və nə dərəcədə yolverilən prosesdir? Ermənistan tərəfindən siyasi alver 30 il ərzində də aparılırdı. Yəni, "Siz Qarabağın müstəqilliyi tanıyın, biz sizə sizin öz ərazilərinizi təhvil verək" adı ilə aparılan danışıqlar əslində, siyasi alverə bənzər bir məsələ idi. Biz əlbəttə, onların bu təklifini rədd edirdik, başqa yolla bu məsələninin həllini istəyirdik. İndi yenə də başqa formada erməni tərəfi bizimlə siyasi alver aparmaq niyyətinin olduğunu göstərir. Əlbəttə, mən düşünmürəm ki, bu, polkovnikin öz fikirləridir. Çox güman ki, bu açıqlama daha yüksək rütbəli hərbiçilərin, siyasətçilərin razılığı ilə edilib. Əslində onları əsir düşmüş erməni diversantların taleyi maraqlandırmır. Onları maraqlandıran Azərbaycanı dünya ictimaiyyətinə pis, "işğalçı" kimi göstərmək, münaqişəni yaradan əsas tərəf kimi təqdim etməkdir. Girovlar məsələsi, digər məsələlər bu məqsəd üçün siyasi alver kimi istifadə olunur. Bu da siyasi alverin təzahürüdür. Deyirlər ki, biz sizə xəritələrini verək, siz əsirləri qaytarın. Bilirlər ki, Azərbaycan buna getməyəcək, necə ki, 30 il ərzində bu tip siyasi alverlərə getmədik. Fərz edin ki, biz bu addımı atsaq, deməli onlar doğrudan da terrorçu, diversant deyillər anlamına gələcək. O zaman mahiyyət etibarı ilə biz onları diversant yox, ermənilərin istədiyi kimi - hərbi əsir kimi qəbul etmiş sayılarıq. Ona görə də bunu etməyəcəyik". 

Xatırladaq ki, Kəlbəcərdəki hadisələrin geniş müzakirə olunduğu bir vaxtda Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan sensasion açıqlama verərək, ölkəsinin cinayətkar mahiyyətini ifşa edib. Belə ki, o, Laçın və Kəlbəcər rayonları ərazisinə çoxlu sayda mina basdırdıqlarını bildirib:

"Mən və kontingentim Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, siz həmin minalara görə, o rayonlarda heç nə edə bilməzsiniz. Hərbi əsirlərimizi bizə qaytarın, mən də mina xəritəsini təqdim edim".

1