Azərbaycan qanunları ilə yaşamaq istəməyən, eyni zamanda hadisələrin əleyhlərinə inkişaf edəcəyini proqnozlaşdıran Qarabağ erməniləri hansı ölkələrə köçmək istəyəcəklər?
“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşı Elxan Şahinoğlu bildirib ki, Qarabağın imkanlı erməniləri ABŞ və Avropa ölkələrindən birinə köçməyi arzulayırlar.
“Bu ölkələrdə qohumları olanlar artıq bu imkandan istifadə ediblər. Ancaq belələrinin Qarabağda az olduğunu ehtimal etmək mümkündür, imkanı olanlar Qərb ölkələrinə köçüblər. Qarabağın nisbətən orta təbəqəsi Rusiyanın müxtəlif vilayətlərinə köçmək istəyəcək. Belə yerlərdən biri Krasnodardır. Rusiyanın bu bölgəsində ermənilər kompakt yaşayırlar. Rusiyanın Qara dənizə çıxışı olan kurort şəhərlərində də ermənilərin sayı çoxdur. Əhalisi qocalan və artmayan Rusiyanın işçi qüvvəyə ehtiyacı var. Ona görə də Qarabağ erməniləri Rusiyanın adı çəkilən vilayətlərində özlərinə uyğun iş tapa bilərlər. Qarabağın ən kasıb təbəqəsi çarəsiz durumda Ermənistana köçəcək, ancaq İrəvanda iş imkanları az olduğuna görə onlar paytaxtdan aralı qəsəbələrdə yerləşmək məcburiyyətində qalacaqlar”,- deyə o qeyd edib.
Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağdan köçünü necə sürətləndirmək olar? Belə fikirlər yayılır ki, evlərini 60 və 100 min dollara satmağa çalışan Qarabağ ermənilərinin həmin evlərini almaq lazımdır ki, yaxın gələcəkdə azərbaycanlılar Xankəndinə qayıda bilsinlər. “Yaxşı ideyadır, ancaq bunun həyata keçirilməsi mexanizmi mürəkkəbdir. Belə bir qərar verilərsə evlərin alınmasında baş rolu dövlət oynamalıdır. Dövlət evlərin alınması məqsədilə həm maliyyə ayırmalı, həm də Xankəndinə qayıtmaq istəyən azərbaycanlıların təhlükəsizlik məsələlərini həll etməlidir. Sonuncu məsələ həm də ona görə vacibdir ki, Qarabağı tərk etməyərək Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilər də olacaq, azərbaycanlılar Xankəndidə onlarla birgə yaşayacaqlar. O da mümkündür ki, köçmək istəyənlər qalmaq istəyənləri üstələyəcək. Bu halda Xankəndidə əhalinin nisbəti azərbaycanlıların xeyrinə olacaq.
Rusiyaya köçmək istəyən Qarabağ ermənilərini bu işə təşviq etmək üçün xüsusi plan hazırlana bilər. Mürəkkəb görünsə də, Qarabağ ermənilərinin Rusiyaya köçərək iş tapmalarına yardımçı olmaq mümkündür. Bunun üçün Rusiyanın bölgələrində işçi qüvvəyə ehtiyacı olan bölgələr araşdırılmalı və ermənilərin ora köçmələrini sürətləndirmək üçün bütün imkanlardan istifadə edilməlidir. Bu bir beyin oyunudur. Məqsədimiz Azərbaycan qanunlarını ilə yaşamaq istəməyən Qarabağ ermənilərinin ərazimizi tərk etməsini sürətləndirməkdir. Bunun üçün bütün imkanlardan istifadə olunmalıdır ki, hədəfə tez çataq. Bu İrəvanın, separatçıların və onlara dəstək verən Qərbdəki bəzi mərkəzlərin göstərməyə çalışdığı etnik təmizləmə deyil. Bu, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin təhlkəsiz şəraitində ölkə ərazisinin tərkinə şərait yaratmaqdır. Azərbaycan qanunlarını və pasportlarını qəbul edən ermənilər Qarabağda həyatlarına davam edəcəklər”.