Bəzi psixoloqların da sertifikatları ləğv oluna bilər? - AÇIQLAMA

SOSİAL
14:22 / 12.02.2025
67

"Son zamanlar estetik tibb sahəsində bəzi həkimlərin sertifikatlarının ləğv edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub". 

Bu sözləri psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu hadisələr insan sağlamlığı ilə birbaşa əlaqəsi olan sahələrdə keyfiyyətə nəzarətin vacibliyini bir daha gündəmə gətirib:

 "Təbii olaraq bu mövzu yalnız estetik tibb sahəsi ilə məhdudlaşmır. Cəmiyyətin psixoloji rifahına xidmət edən psixoloqların da fəaliyyətinə nəzarət və sertifikatlaşdırmanın aktuallığı bu kontekstdə ciddi müzakirə tələb edir. Psixoloqlar insanın ruh halına, emosional vəziyyətinə, münasibətlərinə və ümumilikdə həyat keyfiyyətinə təsir edən ən həssas sahələrdən birində fəaliyyət göstərir".

367547

Mütəxəssis diqqətə çatdırıb ki, psixoloji dəstək verən şəxslərin bu işə peşəkar hazırlıqla yanaşması zəruridir:

"Təəssüf ki, bəzən bu sahədə yetərli təhsil almayan və ya etik prinsipləri bilməyən şəxslər də fəaliyyət göstərir. Onların yanlış müdaxilələri insan psixikasına ciddi zərbə vuraraq mövcud problemləri daha da dərinləşdirə bilər. Məhz bu səbəbdən psixologiya sahəsində də müəyyən sertifikatlaşdırma və lisenziya prosedurlarının tətbiqi zəruridir. Bu, sadəcə kağız üzərində bir yoxlama mexanizmi deyil, peşəkarlığı qorumaq, cəmiyyətə daha keyfiyyətli xidmət göstərmək və insanların etibarını qazanmaq üçün mühüm bir addımdır". 

Həmsöhbətimiz vurğulayıb ki, sertifikatlaşdırmanın olması psixoloqlar arasında sağlam rəqabəti dəstəkləyir və davamlı təlimlərin aktuallığını artırır:

"Təkcə sertifikatların yoxlanılması ilə kifayətlənmək də bəs deyil. Bu sahədə fəaliyyət göstərən psixoloqların mütəmadi olaraq superviziyalarda iştirak etməsi, davamlı təhsil və təlimlərdə biliklərini yeniləməsi vacibdir".

Zəhra Zahidova onu da əlavə edib ki, psixologiya elmi daim inkişaf edir, yeni tədqiqatlar və yanaşmalar ortaya çıxır:

"Mütəxəssislər bu yeniliklərdən xəbərdar olmalı və müasir psixoloji metodlarla insanlara dəstək göstərməlidirlər. Həmçinin, etik prinsiplərə riayət etmək də əsas şərtlərdən biridir. İnsanların duyğularına və daxili dünyasına müdaxilə edən hər bir mütəxəssis məsuliyyət daşımalıdır. 

Təəssüf ki, bəzən sosial şəbəkələrdə "psixoloji məsləhətçi" adı altında fəaliyyət göstərən şəxslər insanların şəxsi problemlərini kommersiya məqsədilə sui-istifadə edir və peşə etikasına zidd davranışlar sərgiləyir. Bu cür halların qarşısını almaq üçün hüquqi tədbir vacibdir".

Pərviz

0