Məktəbə hazırlıq neçəyə başa gələcək? - Rəqəmlər AÇIQLANDI

SOSİAL
10:45 / 01.08.2026
40

Avqust ayının gəlişi ilə valideynləri düşündürən əsas məsələlərdən biri də yeni dərs ilinə hazırlıq və bunun getdikcə artan maliyyə yüküdür. 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, hər il avqustun sonu və sentyabrın əvvəlində başlayan məktəb təlaşı valideynlər üçün əlavə maliyyə yükü deməkdir:

"Qiymət artımını və rəsmi inflyasiya göstəricilərini nəzərə alsaq, bu il məktəbə hazırlıq keçən ilə nisbətən ən azı 10-15 faiz baha başa gələcək. Tək geyim deyil, məktəb ləvazimatları, dəftər, kitab, qələm, çanta kimi bütün məhsullar əlavə xərc tələb edir. İndiki bazar şərtləri ilə hər valideyn məktəbə gedən bir uşağı üçün ən azı 250-300 manat xərcləməyə məcbur olacaq".

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bazardakı konkret qiymətlərə əsaslanan hesablamalarını diqqətə çatdırıb:

"Geyim, dəftərxana ləvazimatları və ayaqqabı qiymətlərindəki artım ümumi xərclərə birbaşa təsir edir. Bakı Tikiş Evinin qiymətlərinə əsasən, polo köynək 8-10 manat, şalvar və ya ətək təxminən 15 manat, jaket isə 20 manat civarındadır. Beləliklə, standart forma dəsti orta hesabla 40-55 manata başa gəlir. Özəl mağazalarda bu qiymət daha yüksəkdir.

Məktəb ləvazimatlarına gəlincə, birinci sinif şagirdi üçün zəruri dəst orta hesabla 20 manat, yuxarı sinif şagirdləri üçün 35-40 manat təşkil edir. Məktəb çantaları isə keyfiyyətindən asılı olaraq 20 manatdan başlayıb 80-100 manata, bəzən daha yuxarı qiymətə satılır".

Akif Nəsirli qeyd edib ki, dövlət məktəblərində dərsliklər pulsuz verilsə də, əlavə test vəsaitləri və iş dəftərləri də ailə büdcəsinə əlavə yük olur:

"Sırf məktəbli forması və əsas ləvazimatlar üçün orta hesabla 70-100 manat kifayət edə bilər. Lakin bura ayaqqabı, idman geyimi, ehtiyata paltar, keyfiyyətli çanta və əlavə tədris vəsaitləri daxil edildikdə, bir şagirdin hazırlığı 120-150 manata, bəzən 200 manatdan da artıq məbləğə başa gəlir. Ailənin alış-veriş etdiyi məkan və uşaqların sayı bu yükü daha da ağırlaşdırır".

0