"Hər il keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) bu dəfə Azərbaycanda keçirilməsi çox əhəmiyyətlidir".
Bu sözləri politoloq Rusif Məmmədsoy Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, ev sahibi olaraq Azərbaycanın seçilməsi bizim üçün də çox əlamətdardır:
"Çünki dünyanın qlobal güclərinin iştirak etdiyi, bütün beynəlxalq aləmin diqqət mərkəzində olan belə bir konfransın Bakıda keçirilməsi Azərbaycanın reputasiyası baxımından da çox müsbət perspektivlər vəd edir. Üstəlik, dünyanın "yaşıl enerji"yə keçid etdiyi bir zamanda Azərbaycanın da ortaya qoya biləcəyi potensialını bütün dünya görəcək.
Nəzərə almaq lazımdır ki, ölkəmiz qovşaqların mərkəzində yerləşir. Yəni Azərbaycanın logistika baxımından çox əlverişli bir coğrafi məkanda yerləşməsi də ölkəmizin dünya miqyasında dəyəri artıran detallardan biridir".
Politoloq onu da qeyd edib ki, COP29-un paytaxtımızda keçirilməsinin bir çox üstünlükləri olacaq:
"Azərbaycan bu gün sülh məkanına çevrilməkdədir. Hətta Azərbaycan həm də Ermənistan nümayəndələrini də rəsmi şəkildə Bakıya dəvət edib. Onu da xatırlayaq ki, torpaqlarımızı işğaldan azad etdikdən sonra bəzi Qərb ölkələri Azərbaycanı tənqid və hətta əsassız ittihamlar edirdilər.
Ancaq həmin dövlətlər belə COP29-da iştirak edəcəklər. Bu isə əlbəttə ki, rəsmi Bakının diplomatik uğurudur. Ona görə də COP29 sadəcə iqtisadi və "yaşıl enerji" cəhətdən deyil, həm də siyasi və digər sahələrdə də ölkəmiz üçün çox ciddi perspektivlər vəd edir".
Pərviz