"Hamam otaqlarında havalandırma sisteminin olması olduqca vacibdir".
Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.
O, hamam otaqlarında havalandırmanın olmamasının fəsadlarından danışıb:
"Ümumiyyətlə, qaz olan hər otaqda, eləcə də hamamda havalandırma olmalıdır. Xüsusən hamamda qaz cihazı olan evlərdə buna riayət olunması vacib məsələdir".
Ekspert onu da diqqətə çatdırıb ki, təhlükəsizlik baxımından hamam otağında qaz cihazının olması məqsədəuyğun hesab olunmur:
"Ancaq hamamda qaz quraşdırılıbsa, mütləq şəkildə orada havalandırma və ventilyasiya olmalıdır. Eyni zamanda, nəfəslik və tüstü bacasının da mütəmadi olaraq işlək vəziyyətdə olması lazımdır. Bundan əlavə, hamamlarda dəm qazı əleyhinə dedektor da olmalıdır. Bütün bunlar çox vacibdir".
Elmar Nurəliyev qeyd edib ki, havalandırma, nəfəslik və ventilyasiya olmayan hamam otağında qazın olması ciddi risk yaradır:
"Bu, qazın yanma prosesini əngəlləyir. Nəticədə dəm qazı yaranır. Çünki qazın yanması üçün otaqda kifayət qədər oksigen olmalıdır. Əgər oksigen olmasa, yanma prosesi pozulacaq və dəm qazı əmələ gələcək. Ona görə də hamam otaqlarında bütün havalandırma sistemlərinin olmasını təmin etmək lazımdır".
Pərviz