Övladı əlil olan qadını aldadaraq 7 min manat pulunu ələ keçirən dostlar məhkəmə zalında həbs ediliblər. Onlar qadına əlil oğluna görə güzəştli mənzil alacaqlarını vəd edərək aldadıblar.
Hit.Az Musavat.com-a istinadən xəbər verir ki, 39 yaşlı Elçin və 44 yaşlı Fəyyaz birlikdə Vəfa Əliyevaya qarşı dələduzluq ediblər.
Onlar Vəfa Əliyevanın oğlunun əlil olduğuna görə ona güzəştli ev alacaqlarını deyiblər. Həmçinin Vəfa Əliyevanın qızını Abşeron Rayon İcra Hakimiyyətinə işə düzəldəcəklərini bildiriblər.
Onlar Vəfa Əliyevanın oğlunun əlil olmasını "TikTok" sosial şəbəkəsindən öyrəniblər. V.Əliyevanın oğlunun "TikTok" səhifəsi var imiş. İki dost bazarlıq edərək Vəfa Əliyevanın evinə ziyarətə gediblər. Bir müddət sonra Elçin Fəyyazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək onlara güzəştli ev ala biləcəklərini deyib. Hətta Vəfa Əliyevanı Masazır kəndində qaçqınlar üçün tikilmiş binaya apararaq evin orada olduğunu deyiblər.
Vəfa Əliyevadan 7 min manat pul alıblar. İstintaq dövründə onlar dəymiş zərərin 2 min manatını ödəyiblər. Zərərçəkmiş qadın hər iki şəxsdən şikayətçi olduğunu deyib.
Təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını bildiriblər.
Məhkəmənin hökmü ilə hər iki şəxs 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Elçin və Fəyyaz məhkəmə zalında həbs ediliblər.