İsmayıllıda moruq sənaye üsulu ilə hazırlanacaq: 30 ton məhsul gözlənilir

İQTİSADİYYAT
20:00 / 29.08.2020
1056

Azərbaycanın bütün bölgələrində yabanı halda bitən moruğun İsmayıllının Diyallı kəndində sənaye üsulu ilə istehsalına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Diyallı kəndindəki istixana təsərrüfatlarında moruq yetişdirilir. Xarici ölkədən gətirilən moruq kolları yerli iqlim şəraitinə uyğunluğu yoxlanıldıqdan sonra əkilib və bol məhsul əldə edilib.

“Gülşah” adı ilə bazara çıxarılan bu giləmeyvənin birinci yığımı may ayına təsadüf edir. Bu barədə danışan istehsalçı şirkətin nümayəndəsi Xanlar Qurbanov bildirib ki, təsərrüfatda il ərzində iki dəfə məhsul yığılır. Birinci yığım 40-45 gün müddətində yekunlaşır. İkinci yığım isə avqust ayında başlayır və payız aylarına kimi davam edir. Yetişmiş məhsullar xüsusi qablara doldurulur. Çeşidləndikdən sonra paketlənir və satış üçün bazarlara çıxarılır.

Əvvəlcə moruq əkini sahəsi 3 hektar ərazini əhatə edib. Daha sonra 5 hektaradək artırılıb. Bu barədə danışan şirkətin digər əməkdaşı Vaqif Qasımov deyib: “Məhsulun yaxşı satıldığını gördükdən sonra, əkin sahəsinin artırılmasına qərar verdik. İstixana və açıq hava şəraitində əkilən moruq kollarına aqrotexniki qulluq olunur, dibləri bellənilir, təbii gübrə verilir, suvarılması damlama yolu ilə həyata keçirilir və bunun nəticəsi olaraq, sahəmizdən bol, keyfiyyətli məhsul əldə edirik”.

Bu il sahələrdən 30 ton məhsul götürülməsi planlaşdırılır. Yaxın gələcəkdə soyuducu kamera, anbar və suvarma üçün 150 tonluq hovuzun tikintisi də nəzərdə tutulur.

Bundan əlavə, təsərrüfatda moruq bağları ilə yanaşı, xaricdən gətirilən böyürtkən bağları da salınıb. Hələlik sınaq məqsədilə əkilən böyürtkən kolları bu günlərdə məhsul verməyə başlayıb. Əgər böyürtkən sahələrindən də bol məhsul götürülərsə, gələcəkdə onun sahəsi də genişləndiriləcək.

Xatırladaq ki, hazırda İsmayıllı ilə bərabər Quba, Şəmkir, Göygöl, Siyəzən, Samux və Cəlilabad rayonlarında da sənaye üsulu ilə moruq yetişdirilir.

0