İndidən satılan qarpız-yemişlə gələn TƏHLÜKƏ

SAĞLAMLIQ
13:00 / 29.04.2026
209

Hər il bazarlarda gördüyümüz mənzərə yenə də hökm sürür.

Belə ki, yenə də mövsümündən çox öncədən çiyələk, alça, qarpız və yemişin satışına başlanılıb. Üstəlik, onların hər biri üçün fantastik qiymətlər tələb olunur. Xüsusilə qarpız və yemişin mövsümünə hələ bu qədər zaman varkən onları satışda görmək çox qəribədir. Havaların da isti keçmədiyini nəzərə alanda satışda olan məhsulun tərkibi müəyyən suallar yaradır. 

Maraqlıdır, bu qədər erkən satılan qarpız və yemişin insan sağlamlığına hansı fəsadları ola bilər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, mövsümündə olan meyvə-tərəvəzlərin, giləmeyvələrin alınıb yeyilməsi məqsədəuyğundur və orqanizm üçün faydalı ola bilər:


“Lakin mövsümündən əvvəl, yetişməmiş meyvə-tərəvəzləri almaq doğru deyil. Məsələn, bu günləri yağış və qar var, hava buludludur, amma piştaxtalarda qarpız, yemiş satılır. Bu nə dərəcədə doğrudur? Təbii ki, onlar idxal məhsuludur. Hərçənd ki, onların hansı şəraitdə idxal olunduğu, daşınmanın necə həyata keçirildiyi və məhsulun hansı nə cür yetişdirildiyini bilmirik”.

Ekspert diqqətə çatdırıb ki, vaxtından əvvəl bazara çıxarılan qarpızlara yetişdirilərkən istixana şəraitində həddindən artıq gübrə verilir:
“Hansı ki, həmin gübrələrlə bağlı mütəxəssis rəyi və gübrənin hansı səviyyədə verilməsi də vacib faktorlardır. Bəzi fermerlər insan sağlamlığını heçə sayaraq kütləvi şəkildə pestisidlərdən, gübrələrdən, kimyəvi məhsullardan, maddələrdən istifadə edərək bu giləmeyvələri - qarpızı, yemişi yetişdirərək vitrinlərə çatdırırlar.

Üstəlik, hazırda mövsümü olmadığı üçün məhsulun azlığından istifadə edərək onları çox baha qiymətlərə satırlar. Əlbəttə ki, bu da insanların sağlamlığını təhlükəyə atmaq kimi böyük bir məsuliyyətsizlikdir”.

Mütəxəssis qeyd edib ki, bu məsələ çiyələyə və digər məhsullara da aiddir:
“Hər hansısa cinayət törətdikdə onun bir cəzası olur. Lakin ən böyük cinayətlərdən biri də qida ilə vətəndaşların həyatını birbaşa zəhərləyən, onların gələcəyini, insan genofondunu məhv etməkdir. Ona görə də bu cür işbazlara ən ağır tətbiq olunmasını təklif edirəm. Bəlkə belələrinin cəzalandığını görən digər işbazlar da dərs götürərlər”.

Pərviz

0