"Son zamanlarda insanların sosial şəbəkə platformalarından həddindən artıq və nəzarətsiz istifadə etməsinin artdığı müşahidə olunur".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi insanların iş üçün də sözügedən tətbiqlərdən istifadə etməsi sosial şəbəkə asılılığının artması ilə nəticələnir:
"Sosial şəbəkə asılılığı insanların sosial, akademik və iş həyatına mənfi təsir göstərə və yuxu rejimini poza bilər. Həmçinin, bu, təşviş pozuntusu və depressiya kimi psixoloji problemlərə də gətirib çıxarır. Onu da nəzərə almaq lazımdır ki, son zamanlarda real həyatda sosial qarşılıqlı əlaqələr azalıb. Ona görə də sosial şəbəkələrdəki bəyənmələr, şərhlər və paylaşımlar vasitəsilə emosional məmnunluq axtarırlar".
Psixoloq qeyd edib ki, sosial şəbəkə asılılığından qurtulmaq səbir və intizam tələb edən bir prosesdir:
"Bu asılılıqdan qurtulmağınıza kömək edə biləcək bəzi strategiyalar var. Birincisi, sosial şəbəkədən istifadəni birdən-birə dayandırmaq çətin ola bilər. Onun əvəzinə sosial şəbəkədən gündəlik istifadə vaxtını yavaş-yavaş azaltmaq lazımdır.
İkincisi, tez-tez bildirişlərin gəlməsi də sosial şəbəkəyə daxil olmaq istəyini artırır. Bu səbəbdən də tətbiqlərdəki bildirişləri söndürmək asılılığı azaltmağa kömək edə bilər.
Üçüncü isə alternativ fəaliyyətlər seçilməlidir. Yəni sosial şəbəkələrdə keçirdiyiniz vaxtı daha məhsuldar fəaliyyətlərlə əvəz edə bilərsiniz. Adicə telefonu bir neçə saat belə kənara qoyanda təxirə saldığımız bir çox işi etmək olur. Üstəlik, sosial tətbiqlərdə itirdiyiniz vaxtı hobbilərimizə də ayırmaq mümkündür".
Həmsöhbətimiz sözügedən asılılıqdan xilas olmaq üçün atılacaq digər addımlardan da danışıb:
"Bunun üçün sosial şəbəkə detoksu da edilə bilər. Belə ki, müəyyən müddət ərzində sosial şəbəkələrdən tamamilə uzaq durmağı yoxlayın. Məsələn, axşam saatlarında və ya həftə sonları sosial şəbəkələrdən istifadə etməməyə qərar verə bilərsiniz.
Bundan başqa, sosial şəbəkələrdəki faydasız səhifələri izləmədən çıxarmalıyıq. Bunlar da qarşılaşacağımız mənfi psixoloji halları minimuma endirəcək.
Ümumiyyətlə, nəinki sosial şəbəkə həmçinin telefonumuz da faydasız məlumatlarla dolu olur. Bizə faydası olmayan proqramlar, şəkillər, nömrələr və digər faylları silməliyik".
Pərviz