İsrail-HƏMAS müharibəsi Rusiya-Ukrayna müharibəsi kimi uzana bilər? - Ekspert rəyi

DÜNYA
15:10 / 07.06.2024
357

"İsraillə HƏMAS arasındakı müharibə yeni deyil, illərdir davam edir".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O xatırladıb ki, İsrailin 1948-ci ildə müstəqilliyini əldə etdikdən sonra ərəblərlə başlayan müharibələri 1956, 1967 və 1973-cü illərdə davam edib:

"Zaman-zaman pozulan atəşkəsləri nəzərə almasaq, ötən ilin 7 oktyabr tarixində də növbəti belə müharibə başladı. Düşünürəm ki, İsraillə HƏMAS arasındakı müharibə müəyyən səngimələrlə hələ uzun müddət davam edə bilər".

Ekspert İsrail-HƏMAS müharibəsini Rusiya-Ukrayna müharibəsinə bənzədib:

"İsrail-HƏMAS müharibəsində də eynilə Rusiya-Ukrayna müharibəsində olduğu kimi kənar ölkələr dirijorluq edir. Nəzərə almaq lazımdır ki, İsrail-HƏMAS, İsrail-Ərəb müharibələrinin davam etməsində maraqlı olan qüvvələr var. Bu səbəbdən də sözügedən münaqişə hələ də öz həllini tapa bilmir". 

Xəyal Bəşirov vurğulayıb ki, bu münaqişənin zərərçəkənləri təkcə fələstinlilər deyil:

"Eyni zamanda İsrail xalqı da böyük əziyyət çəkir. Nəzərə almaq lazımdır ki, İsraillə Fələstin arasındakı sərhədlər hələ də müəyyən olunmayıb. Hətta bu gün İsrailin özünün belə sərhədləri qeyri-müəyyəndir. Sadəcə olaraq, İsrail-HƏMAS müharibəsinin davam etməsini istəyən qüvvələr var. Onlar isə nə İsrail, nə Fələstin, nə də digər region xalqlarının müqəddaratı ilə zərrə qram belə maraqlanmırlar".

Həmsöhbətimiz hesab edir ki, kimlər üçünsə əsas məqsəd bütün regionlarda, xüsusilə də onlar üçün həssas olan Yaxın Şərq, Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya, Uzaq Şərq və bir sıra digər regionlarda əsla sülhün olmamasıdır:

"Bəzi qüvvələr xaos, qarşıdurma kimi amillərdən istifadə edərək həmin regionlarda mövcud olmağa çalışırlar. Ona görə də, kənar qüvvələrin təsiri altında İsrail-HƏMAS müharibəsinin hələ uzun müddət davam edəcəyini düşünürəm".

Pərviz

0