Rusiya-Ukrayna müharibəsinin şiddəti niyə səngiyib? - ŞƏRH

DÜNYA
12:23 / 19.07.2023
674

"Bir neçə aydır Ukraynanın geniş əks-hücum əməliyyatına başlayacağı deyilirdi. Amma Ukraynanın öz silah-sursatı və hərbi sənaye kompleksi yoxdur".

Bu sözləri politoloq Rizvan Hüseynov HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, Ukrayna bütün bu məsələlərdə Qərbdən asılıdır:

"Hətta birbaşa ABŞ və NATO-dan asılıdır. Biz də görürük ki, ABŞ-ın Ukraynaya münasibəti heç də birmənalı deyil. Hətta rəsmi Vaşinqton Rusiyaya təzyiq göstərmək üçün Ukraynada gedən müharibədən öz maraqları naminə istifadə edir. Yəni ABŞ-ın məqsədi Ukraynanın qalib gəlməsi deyil, Rusiyanı bəzi məsələlərə məcbur etməkdir. Ağ Ev çalışır ki, rəsmi Moskvanın xarici və daxili siyasətində dəyişikliklər olsun. Buna görə də ukraynalıların ümidləri özlərinə əsaslanmır. Dediyim kimi, hərbi sənaye yoxdursa, silah-sursat və təchizat kənardan gəlirsə, sözsüz ki, qərar qəbuletmədə də ABŞ, NATO və başqalarından asılı qalır. Əks-hücum planı isə ona görə icra olunmadı ki, Ukrayna həm aviasiya, həm artilleriya, həm də başqa silah növləri baxımından lazımi dəstəyi almadı".

330223

Ekspert vurğulayıb ki, faktiki olaraq, hazırda çox kritik vəziyyətdir:

"Ukraynanın ordusunun rəhbərləri və Prezidenti dəfələrlə Qərb ünvanına ultimatumla çıxış ediblər. Onlar, torpaqlarını işğaldan azad etmək üçün Qərbin lazımi dəstəyi vermədiyini deyirlər. Amma belə bəlli olur ki, ABŞ və bir qrup Qərb ölkələri Rusiya ilə danışıqlara gedib. Üstəlik, bu danışıqlar Ukrayana müharibəsi ətrafında deyil, tam başqa dünya siyasətinin məsələlərini həll etmək üçündür. Nəticə etibarilə, təklif edirlər ki, Ukrayna Rusiya ilə danışıqlara getsin".

Rizvan Hüseynov onu da diqqətə çatdırıb ki, Ukrayna rəhbərliyinin, ordusunun və xalqının əzmkarlığı bu mübarizədə dəfələrlə möcüzələr edib:

"Ümid edirik ki, Ukrayna tərəfi bu dəfə də Qərbin mövqeyini dəyişə biləcək və lazımi dəstəyi alacaq. Ona görə ki, vaxt azdır. Həmçinin, hava şəraitini də nəzərə alsaq, Ukrayna-Rusiya cəbhələrində ən əlverişli vaxt indidir. Sentyabrdan sonra isə əks-hücum planı üçün əlverişli vaxt geridə qala bilər. Sonra isə bu planı icra etmək çox çətin olacaq".

Pərviz

0