Son illərdə, xüsusilə qadınlar arasında sıfır bədən olmaq uğrunda rəqabət artıb. Lakin bu məqsədə çatmaq üçün mütəxəssis məsləhəti olmadan atılan addımlar sağlamlıq problemlərinə yol açır.
HİT.az xəbər verir ki, dietoloq Duyğu Özbay "sıfır bədən" olmaq üçün edilən şok dietaların çox vaxt anoreksiya kimi ciddi xəstəliklərə gətirib çıxardığını vurğulayaraq "Özünü qəsdən qusdurma kimi hallar müşahidə edirik. Bu vəziyyətdən geriyə dönüş çox çətin olur. Psixoloji baxımdan ciddi yorğunluq yaranır və bir daha pəhriz saxlamaq istəyi demək olar itir" deyə bildirib.
Onun sözlərinə görə, bu vəziyyət hormon pozğunluqlarına da səbəb olur:
"Xüsusilə qadınlarda bədən yağının səviyyəsi nə qədər aşağı olarsa, hormonlar bir o qədər qeyri-sabit işləyir. Bunun nəticəsində hamilə qala bilməmək və müxtəlif psixoloji problemlər meydana çıxır. Eyni zamanda, vitamin çatışmazlığı baş verir ki, bu da halsızlıq, yorğunluq, zəiflik və yuxu problemlərinə yol açır".
Özbay qadınların "sıfır bədən" olmağa çalışarkən xoşbəxtlikdən uzaqlaşdığına diqqət çəkərək bildirib ki, yetərli qidalanmadıqları üçün depressiyaya daha meyilli olurlar: "Xüsusilə D vitamini çatışmazlığı depressiya hallarını artırır. Depressiyadan sonra isə normal qidalanma rejiminə qayıtmaq daha da çətinləşir".
Mütəxəssis sağlam çəki itirmək üçün aşağıdakı qaydaları tövsiyə edir:
* Səhər yeməyi mütləq edilməlidir.
* Günorta və axşam yeməkləri atlanmamalıdır.
* Ara yeməklər vacibdir.
* Az və tez-tez qidalanmaq metabolizmanın düzgün işləməsini təmin edir və qəbizlik problemini aradan qaldırır.
"Sıfır bədən" olmağa çalışarkən bağırsaq problemləri ortaya çıxır. Buna görə də, gündəlik kalori və protein ehtiyacını qarşılayaraq sağlam formada arıqlamaq mümkündür. Tamamilə aclıqla çəki itirməyə çalışmaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Özbayın sözlərinə görə, əsas məsələ balanslı və sağlam qidalanmaqdır. "Sıfır bədən" olmağa çalışmaq əvəzinə, sağlam və ideal çəkiyə nail olmaq daha məqsədəuyğundur.
Samir