Əllərin keyiməsinə səbəb nədir? - Həkim DANIŞDI

SAĞLAMLIQ
10:13 / 19.03.2025
69

Bəzi insanların əllərində zaman-zaman keyimə problemi yaşanır. 

Həmin şəxslərin çox böyük əksəriyyəti bu problemin nədən qaynaqlandığını bilmirlər. Bəzən uzun illər, hətta bir ömür boyu bu problemlə yaşayan insanlar olur. Sözügedən keyimə adətən çox qısa müddət çəksə də, insanları narahat etməyə bəs edir. 

Maraqlıdır, əllərdə keyimə nə ilə bağlıdır? 

Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, əllərdə keyimə halları müəyyən simptomlardır:

369720

"Yəni bu, hər hansısa xəstəliklə bağlı olan əlamətlərdir. Əslində, bir çox xəstəlikdə belə hallar rast gəlinə bilər. Məsələn, boyun osteoxondrozu, nevrotik hallar, zob xəstələri, beyinlə bağlı proseslərdə iflic olan zaman və bədəndə duzlaşmanın çox olması kimi hallarda əllərdə keyimələr olur. Yəni bu əlamətlərin sayı-hesabı yoxdur".

Mütəxəssis vurğulayıb ki, belə hallarda ancaq həkimə müraciət etmək lazımdır:

"Çünki həkim onun səbəblərini axtarmalıdır. Bu, əsas simptom deyil. Xəstəliyin əsas siptomu olanda onu konkret bilmək olur. Birdə ümumi, yəni üçüncü dərəcəli simptomlar olur. Temperaturun yüksəlməsi, baş ağrısı, tənginəfəslik, əllərdə keyimələr və digərləri üçüncü dərəcəli simptomlar hesab olunur. 

Həkim də onun haradan qaynaqlandığını tapmalıdır. Çox xəstəlikdə bənzər simptomlar olduğu üçün həkim dəqiq araşdırmalı və xəstəni müayinələrdən keçirməlidir. Bütün bu proseslərin sonunda xəstəyə diaqnoz qoyulur. Ona görə də belə halların konkret adı yoxdur". 

Pərviz

0