Gecələr yataqda saatlarla o yan-bu yana çevrilən və çarəni tez-tez aptek rəflərindəki əlavələrdə axtaran milyonlarla insan var. Maqnezium və ya melatonin kimi preparatlar müasir dövrdə populyar həll yollarına çevrilsə də, biologiya daha sadə bir alternativ təqdim edir.
HİT.az xəbər verir ki, orqanizmin təbii işləmə mexanizmi düzgün temperatur balansı yarandıqda heç bir xarici müdaxiləyə ehtiyac olmadan yuxu rejiminə keçə bilir. Üstəlik, bu təbii sistem tamamilə pulsuz və yan təsirsiz bir istirahət prosesi yaradır.
İnsan bədəni gün ərzində müəyyən ritm daxilində işləyir və daxili temperatur da bu dövrə uyğun dəyişir. Axşam saatları yaxınlaşdıqca orqanizm tədricən soyumağa başlayır. Məhz bu mərhələdə əllər və ayaqlar bir növ “boşaltma klapanı” kimi işləyərək mərkəzdəki istiliyi xaricə ötürür. Mərkəzi hissə soyuduqca beyin avtomatik olaraq istirahət vaxtının çatdığını qəbul edir.
1999-cu ildə aparılmış elmi araşdırma da bu prosesi təsdiqləyib. Nəticələrə görə, insanın yuxuya getmə sürətini müəyyən edən əsas amil psixoloji yuxululuq hissindən çox ayaqların temperatur səviyyəsidir.
Yuxuya getməni asanlaşdırmaq üçün temperaturu tənzimləmə üsulları
Bədən saatını yönləndirmək və prosesi sürətləndirmək üçün bəzi praktik üsullar mövcuddur. Yatmazdan əvvəl corab geyinmək və ya bir qədər əvvəl ilıq duş qəbul etmək bunlara daxildir. Duşdan çıxdıqdan sonra bədən sürətlə soyumağa çalışır və bu süni temperatur enişi yuxu mexanizmini aktivləşdirir.
Bununla yanaşı, Uzaq Şərq mədəniyyətindən gələn və diqqət çəkən bir üsul da var. Yapon mənşəli “Gokiburi Taiso”, Azərbaycan dilinə “Hamamböcəyi məşqi” kimi tərcümə olunur və olduqca qeyri-adi hərəkətləri ilə seçilir. Sırtüstü uzanaraq əl və ayaqları havada qaldırıb təxminən 30 saniyə hərəkət etdirməkdən ibarət olan bu texnika ekstremitələrdə qan dövranını artırır. Nəticədə istilik səthə yayılır, mərkəzi hissə soyuyur və beyin rahatlama siqnalı alır.
1920-ci illərə, Katsuzo Nişi adlı mütəxəssisə dayanan bu praktika barədə müasir tibbi ədəbiyyatda qəti elmi sübutlar olmasa da, zərərsiz bir üsul kimi bəzi insanlar tərəfindən istifadə olunur.
Samir


