Üç aktrisa, üç evlilik, üç oğul, ayrılıqlar və... — Kinomuzun Üzeyirinin kədərli həyat hekayəsi

MƏDƏNİYYƏT
19:17 / 08.09.2020
1868

Bu gün səhnəmizin Üzeyiri, mərhum Xalq artisti, rejissor Hüseynağa Atakişiyevin doğum günüdür. Yaşasaydı, 71-ci yaş gününü qeyd edəcəkdi...

Hüseynağa Ağahüseyn oğlu Atakişiyev 1949-cu ilin sentyabrın 8-də Bakının məşhur Çəmbərəkənd məhəlləsində doğulub.

H. Atakişiyevgil ailədə üç uşaq olublar. Atası Ağahüseyn sürücü, anası isə evdar qadın olub. O, 6 yaşı olarkən anasını itirir, atası ikinci dəfə Töhfə adlı qadınla evlənir.

Yoxsulluq, ehtiyac evin böyük oğlu Hüseynağanı yeniyetmə yaşında işləməyə məcbur edir, o, 12-13 yaşlarından çalışmağa başlayır.

Onun teatrda ilk işi işıqçılıq olur. Daha sonra hərbi xidmətə yollanan Atakişiyev qayıddıqdan sonra yenidən teatrda fəaliyyətini davam etdirir. O, 4 il böyük sənətkar Mehdi Məmmədovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

İncəsənət İnstitutunu bitirdikdən sonra, Hüseynağa Hadıyev 1975-ci ildə bir müddət Şəki Dövlət Teatrında çalışmağa başlayır. Məhz orada Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olur.

1985-ci ildə H.Atakişiyev Bakıya qayıdaraq, Akademik Milli Dram Teatrına baş rejissor kimi fəaliyyətə başlayır.

Daha sonra o, 1989-cu ildə Gənclər Teatrını açır və ömrünün sonuna qədər oranın bədii rəhbəri və direktoru olur.

Böyük sənətkar bu teatrda bir çox akyor və aktrisaları yetişdirərək, cəmiyyətə tanıdır. Bu siyahıda əməkdar artistlər Rəfail İsgəndərov, Coşqun Rəhimov və Sənubər İsgəndərlinin də adlarına rast gəlmək olar.

Mərhum rejissor Hüseynağa Atakişiyev üç dəfə ailəli olub. Rejissorun bütün evlilikləri aktrisalarla baş tutub.

Onun ilk həyat yoldaşı əməkdar artist Gülşad Baxşiyeva olub. 1978-ci ildə onların Elbəy, 1979-cu ildə isə Elmir adlı oğlanları doğulur. Lakin cütlüyün ailə sevinci sona qədər davam edə bilmir.

Rejissorun gənc aktrisa ilə olan sevgi macərası tezliklə onun ailəsinin dağılmasına səbəb olur. Daha sonra o, gənc sevgilisi, aktrisa Şahzadə Babayeva ilə ailə qurur. 1994-cü ildə cütlüyün Cavid adlı oğlanları dünyaya gəlir.

Atakişiyevin bu evliliyi də uğursuzluğa düçar olur. O, yenidən 3-cü dəfə əməkdar artist Nəsibə Eldarova ilə ailə həyatı qurur. Bu, Nəsibə xanımın ikinci evliliyi idi. Bu evlilikdən Hüseynağa Atakişiyevin övladı olmur.

“Üzeyir ömrü” bədii televiziya filmində Hacıbəyovun obrazını yaradan Hüseynağa Hadıyev tamaşaçıların yaddaşına kinomuzun Üzeyiri kimi həkk olunur.

2006-ci ildə yazıçı-dramaturq Firuz Mustafanın "Qara qutu" pyesini tamaşasını hazırlığı zaman H. Atakişiyevin qəfildən halı pisləşir. Onu təcili xəstəxanaya çatdırırlar. O, aprelin 9-da 57 yaşında həyata əbədi olaraq gözlərini yumur. Onun yarımçıq qalmış tamaşasını tələbəsi Sərvər Əliyev başa çatdırır.

Allah rəhmət eləsin!

0
Olke.az