Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı Ermənistan PLANI

SİYASƏT
10:30 / 30.05.2024
376

"Son zamanlarda Ermənistanın Avropa İttifaqı və NATO-ya üzvlük məsələsi aktualdır".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı və NATO-nun bu məsələdə mövqeyi rəsmi İrəvanla eynidir:
"Onların məqsədi Cənubi Qafqazda Rusiyanın təsirlərini mümkün qədər azaltmaqdan ibarətdir. Həmçinin, Ermənistanı Rusiyanın təhlükəsizlik və iqtisadi əməkdaşlıq sxemlərindən qoparmağı hədəfləyirlər. Qərb bununla da Ermənistanı NATO və Avropa İttifaqının təhlükəsizlik, siyasi və iqtisadi əməkdaşlıq sxemlərinə cəlb etməyə çalışır".

Ekspert qeyd edib ki, bunu artıq İrəvana hakimiyyəti də, Qərb tərəfi də gizlətmir:

"Biz Avropa İttifaqı və NATO rəhbərliyinin ritorikasında bu mövqeyi hiss etmişik. Avropa İttifaqı və NATO Ermənistanı özlərinə cəlb etmək planlarını gizlətmir. Son aylarda Avropa Parlamenti Ermənistana Avropa İttifaqının üzvlük statusunun verilməsi ilə bağlı qətnamə qəbul etdi. Həmçinin, Avropa İttifaqı Ermənistanı Avropa Sülh Fonduna daxil etdi. Əlbəttə ki, bunlar kiçik məsələlər deyil". 

351498

Politoloq onu da əlavə edib ki, Ermənistan bir tərəfdən KTMT-nin tədbirlərindən imtina edir, digər tərəfdən isə NATO ilə yaxınlaşma siyasəti aparır:

"Hətta alyansın ən kiçik tədbirlərində belə həvəslə iştirak edirlər. Üstəlik, Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyini yalnız bir qütbə bağlamaq niyyətində olmadığını açıq şəkildə bəyan edir. Rəsmi İrəvan bir-birinin əksinə olan iki qütb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və NATO arasında təhlükəsizliyinin təminatı ilə bağlı perspektivlər axtarır. Bu çox ziddiyyətli görünür, amma bütün məsuliyyəti Paşinyan adminstrasiyası daşıyır".

Aydın Quliyev hesab edir ki, Ermənistanın Qərbə inteqrasiya prosesi davam edir:

"Bütün bunlar Qərbin Ermənistanla bağlı niyyətlərinin aydın və bir xətli olduğunu söyləməyə əsas verir. Hələ ki, proses maneəsiz şəkildə davam edir. Rusiya isə hələlik buna həddindən artıq təmkinli yanaşır".

Pərviz

0