Boşanmaların sayı artmaqda davam edir.
Bu gün boşanma qərarı verən tərəflər müxtəlif məsələləri əsas gətirərək, boşanmaq üçün məhkəməyə müraciət edirlər.
Müşahidələr göstərir ki, boşanmaya səbəb kimi göstərilən faktorlardan arasında ailəyə kənar müdaxilə əsas yerlərdən birini tutur.
Yeni qurulan ailələrə böyüklərin müdaxilə etməsi davalar, mübahisələr yaradır ki, bu da sonda boşanma ilə nəticələnir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, ailə qurmağa hazırlaşan cütlüklər öncədən hesab-kitab da aparmalıdırlar:
"Tutaq ki, mənim ailəmi kim dolandıracaq? Mənim ailəmə gəliri kim gətirəcək? Əgər ailə qurmağa hazırlaşan bəy bunları düşünməyibsə, ananın-atanın yanına gəlini gətiribsə, əlavə olaraq ananın-atanın pensiyası ilə gəlini dolandırırsa, o zaman müdaxilədən təəccüblənmək lazım deyil. Axı, sən bəy olaraq, özün öz ailənin məsuliyyətini çəkmirsən. Təbii ki, belə olan halda başqa məqamlar da cütlüyün əlində olmayacaq və ona müdaxilə olacaq. Əslində, tərəflər bu müdaxilədən inciməməlidirlər. Amma inciyirlər, deməli, belə çıxır ki, ananın-atanın pensiya kartı ilə biz ailəmizi dolandıraq, ancaq sən bizə müdaxilə etmə. Hər bir cütlük ailə quranda ən azı diqqət etməlidir ki, az-çox özünə aid olan gəliri olsun”.
Psixoloq onu da əlavə edib ki, ailənin işinə kim qarışmalıdır, ailəyə tanımadığı adamlarmı müdaxilə etməlidir? Ailədə ağsaqqal, böyük var, gözümüzü yumaq ki, ailə dağılsın:
"Axı, belə etmək olmaz. Tək-tək hallar ola bilər ki, valideynlər müdaxilə zamanı əndazəni aşmış olsunlar. Hər bir gənc ailənin məsləhətə ehtiyacı var. Ona görə ailədaxili münaqişələri sülh, barış yolu ilə ağsaqqallar, böyüklər edir".
Sevinc