İnsan qulağının eşidə bilmədiyi aşağı tezlikli səslər narahatlıq, qıcıqlanma və “kənar varlıq” hissi yarada bilər ki, bu da tez-tez paranormal hadisələrlə əlaqələndirilir. Bu nəticəyə Avstraliyadakı Macquarie Universiteti və Alberta Universitetinin alimləri gəlib.
HİT.az xə.xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Behavioral Neuroscience” jurnalında dərc olunub.
Söhbət 20 Hz-dən aşağı olan infrasəs dalğalarından gedir. Bu dalğalar insan tərəfindən eşidilmir, lakin binalarda ventilyasiya sistemləri, borularda hava axını, nəqliyyat və ya sənaye avadanlıqları nəticəsində yarana bilər.
Təcrübədə 36 nəfər iştirak edib. Onlar musiqi dinləyərkən, iştirakçıların bir hissəsi gizli subwooferlər vasitəsilə 18 Hz tezliyində infrasəs təsirinə məruz qalıb. Daha sonra iştirakçılar öz vəziyyətlərini qiymətləndirib və tüpürcək analizləri veriblər.
Məlum olub ki, infrasəs təsiri zamanı insanlarda stres hormonu olan kortizol səviyyəsi yüksəlir. Bundan əlavə, iştirakçılar daha çox qıcıqlanma, marağın azalması və musiqiyə qarşı daha mənfi münasibət bildiriblər. Maraqlısı odur ki, onlar bu təsirin infrasəsdən qaynaqlandığını müəyyən edə bilməyiblər.
Tədqiqatçıların sözlərinə görə, insan orqanizmi belə dalğalara şüursuz şəkildə belə fizioloji reaksiya verir. Bu isə bəzi yerlərdə — xüsusilə köhnə və mühəndislik baxımından zəif binalarda — niyə narahatlıq və “ruh görmə” kimi hisslərin yarandığını izah edə bilər.
Alimlər bildirirlər ki, qısa müddətli infrasəs belə əhval-ruhiyyəyə təsir göstərir, uzunmüddətli təsir isə davamlı kortizol artımı səbəbilə daha ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Eyni zamanda vurğulanır ki, tədqiqat ilkin mərhələdədir: iştirakçı sayı az olub və yalnız bir tezlik araşdırılıb. Gələcəkdə müxtəlif infrasəs diapazonlarının və təsir müddətinin insan psixikası və fiziki sağlamlığına təsiri öyrəniləcək.
Samir


