Yanlış dişləmə və çənə oynağının (VNCŞ) disfunksiyası xroniki baş ağrılarının ən çox diqqətdən kənarda qalan səbəblərindən biridir. Çox vaxt pasiyentlər illərlə nevroloqlarda “miqren” və ya “gərginlik tipli baş ağrısı” diaqnozu ilə müalicə alır, lakin problemin diş-çənə sisteminin pozulmasında olduğunu bilmirlər.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya “Attribyut” klinikasının stomatoloq-ortopedi Nodira Sarsadskix bildirib.
Dişlərin düzgün qapanmaması zamanı aşağı çənə anatomik baxımdan düzgün olmayan məcburi mövqe tutur. Onu sabit saxlamaq və çeynəmə funksiyasını təmin etmək üçün üz, boyun və çiyin əzələləri həddindən artıq yüklənir və daimi hipertonus (spazm) vəziyyətində qalır. Bunun nəticəsində gərginlik tipli ağrılar yarana bilər.
Bundan əlavə, aşağı çənənin arxa mövqeyi də ağrıya səbəb ola bilər. Bu halda oynaq başlığı oynaqın arxa hissəsinə təzyiq göstərir. Orada sinir və damarlar yerləşdiyindən bu vəziyyət miqrenə bənzər ağrıların yaranmasına gətirib çıxara bilər.
Problemin məhz diş-çənə sistemi ilə bağlı olduğunu göstərən bir sıra əlamətlər mövcuddur. Adətən belə ağrılar klassik miqrenə bənzəmir: gicgah, arxa baş və boyun nahiyəsini əhatə edir.
Ağrının intensivliyi çox vaxt günün vaxtı və yüklənmə ilə əlaqəlidir. O, yuxudan dərhal sonra daha güclü ola bilər, çünki insan yuxuda dişlərini sıxa bilər, yaxud günün sonunda çeynəmə və uzun danışıq nəticəsində tədricən artar.
Bu hipotezi çənə hərəkəti zamanı yaranan əlavə səslər – xırtıltı və ya “klik” səsi, eləcə də üz əzələlərində daimi gərginlik və yorğunluq hissi də təsdiqləyə bilər.
Həkimə müraciətdən əvvəl sadə özünü yoxlama üsulu: ağzınızı bir neçə dəfə geniş açıb bağlayın və çənənin hərəkətində səs, xırtıltı və ya asimmetriya (çənənin yana sürüşməsi) olub-olmadığına diqqət edin.
Əgər nevroloji müalicə davamlı nəticə vermirsə, LOR həkiminə və qnatoloqa müraciət etmək tövsiyə olunur. Qnatoloq diş-çənə sisteminin (dişlər, əzələlər və oynaqlar) kompleks funksiyasını öyrənən stomatoloqdur.
Qnatoloqda diaqnostika adətən dişləmənin, dişlərin vəziyyətinin və əzələlərin palpasiya müayinəsini, həmçinin çənə oynağının vəziyyətini qiymətləndirmək üçün MRT və ya KT müayinəsini əhatə edir. Müalicə çox vaxt fərdi hazırlanmış şəffaf şina (splint) – splint-terapiya ilə başlayır. Bu cihaz əzələləri boşaldır və aşağı çənəni fizioloji düzgün mövqeyə gətirir.
Samir


