İndi də ağcaqanadlar virus yayır?

SAĞLAMLIQ
13:17 / 12.06.2026
121

Son günlər uşaqlarda müşahidə olunan həşərat sancmaları ilə bağlı məlumatlar ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. 

Xüsusilə üz və göz nahiyəsində əmələ gələn şişkinliklər, dəri qıcıqlanmaları və müxtəlif allergik əlamətlər valideynlərin narahatlığını artırır. Artıq evimizdə, qonşularda, qohumlarda və ya ətrafında belə simptomlar göstərən uşaqların sayı kifayət qədərdir.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, son günlər Bakıda müşahidə olunan rütubətli hava və yağışlardan sonra müxtəlif ərazilərdə su toplanması hallarını artırıb: 


“Belə mühit isə həşəratların sürətlə çoxalmasına şərait yaradır. Xüsusilə ağcaqanadların sayında artım müşahidə olunur ki, bu da insanların onlarla təmas ehtimalını yüksəldir. Ağcaqanad dişləmələri hər zaman sadə qaşınma ilə nəticələnmir. 

Bəzi insanlarda orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq dəri reaksiyaları, həssaslıq halları və müxtəlif narahatlıqlar meydana çıxa bilər. Bu cür hallar daha çox azyaşlı uşaqlarda və allergik fonu olan şəxslərdə qeydə alınır. Valideynlər əsasən uşaqların üz hissəsində, xüsusilə göz ətrafında yaranan dəyişikliklərdən narahat olurlar". 

Professorun sözlərinə görə, belə riskləri minimuma endirmək üçün əvvəlcədən qoruyucu tədbirlərin görülməsi vacibdir:
“Ağcaqanadlardan müdafiə məqsədilə müxtəlif üsullardan istifadə etmək mümkündür. Həşəratları uzaqlaşdıran xüsusi vasitələr, otaq daxilində istifadə olunan elektrik qurğuları və digər qoruyucu məhsullar insanların yaşayış məkanlarında ağcaqanadların sayını azaltmağa kömək edir. Gecə vaxtı həşəratların aktivliyi artdığından bu vasitələrdən istifadə daha effektiv hesab olunur”.

Günel Cəlilova

0