Bu gün tarixin vərəqlərində 23 apreldəyik.
Hit.az bildirir ki, 23 aprel Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Ümumdünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur.
1995-ci ildə UNESCO məhz 23 aprelin seçilməsi təsadüfi deyildi. Çünki bu tarix dünya ədəbiyyatında simvolik olan Vilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür. Həmçinin, 23 aprel Çində Hərbi Donanma Günü, qardaş Türkiyədə isə Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd olunur.
23 apreldə nələr baş verib?
1920-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) açılıb. 1935-ci ildə Polşada konstitusiya qəbul olub. 1961-ci ildə TBMM-nin ilk binası muzeyə çevrilib. 2002-ci ildə Bakıda Miniatür Kitab Muzeyi açılıb. 2003-cü ildə yayılan SARS virusuna görə Çində məktəblərdə 2 həftəlik tətil elan olunub.
23 apreldə doğulanlar:
1938-ci ildə alim Əjdər İsmayılov, 1949-cu ildə Xalq artisti, aktyor Yuri Baliyev, 1966-cı ildə Xalq artisti, müğənni və aktrisa Məleykə Əsədova, 1972-ci ildə Əməkdar artist, aktyor Rafael İsgəndərov və 1981-ci ildə Milli Məclisin VI çağırış deputatı Jalə Əhmədova dünyaya gəlib.
Dünyada isə 1858-ci ildə alman fizik Maks Plank, 1891-ci ildə rus bəstəkar Sergey Prokofyev, 1895-ci ildə türk şair Yusif Ziya Ortaç, 1918-ci ildə fransız yazıçı Moris Drüon, 1928-ci ildə amerikalı aktrisa Şirli Templ, 1972-ci ildə türk müğənni Demet Akalın, 1973-cü ildə türk komediya aktyoru Cem Yılmaz və 1977-ci ildə İran əsilli isveçli müğənni Araş doğulub.
23 apreldə vəfat edənlər:
1949-cu ildə dövlət xadimi Mir Bəşir Qasımov, 1977-ci ildə geoloq, professor Mirəli Qaşqay, 2007-ci ildə Əməkdar artist, sənətşünas Bayandur Mehdiyev, 2011-ci ildə Milli Məclisin I, II və III çağırış deputatı Anar Məmmədxanov və 2012-ci ildə alim, professor Midhəd Abbasov vəfat edib.
Həmçinin, 1977-ci ildə ukraynalı aktyor Boris Çinkin, 2007-ci ildə Rusiyanın 1-ci prezidenti Boris Yeltsin və 2010-cu ildə rus gimnast Natalya Lavrova da dünyasını dəyişib.
Pərviz

